Vladimir Putin Türkiyəyə səfər edib
06 Avqust 2009 Cümə Axşamı 14:05
Vladimir Putin hava limanında Ankara şəhərinin valisinin köməkçisi tərəfindən qarşılanıb.

 

Rusiya baş naziri Vladimir Putin Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə işgüzar səfər edib. CNN-in məlumatına görə, o, Esenboğa Hava limanında Ankara valisinin köməkçisi Fevzi Günəş, Rusiya baş nazirinin köməkçisi Iqor Seçin və Xarici İşlər Nazirliyinin nümayəndələri tərəfindən qarşılanıb. Putini qarşılayan ən yüksək səviyyəli nümayəndənin vali köməkçisi olması isə, belə əhəmiyyətli bir səfər üçün "zəif" qiymətləndirilir.

Putin bu gün əvvəlcə Ərdoğanla təkbətək görüşəcək, daha sonra Ərdoğan tərəfindən verilən günorta yeməyinə qatılacaq. Rusiyanın baş nazirinin Türkiyə səfəri öncəsi məlum olub ki, Rusiya  öz neftinin bir hissəsini Türkiyənin Ceyhan limanı vasitəsi ilə dünya bazarına çıxarmaq niyyətindədir. Rusiya neftinin ixracını nəzərdə tutan və gündə 1,5 milyon barel gücü olan Samsun- Ceyhan kəmərinin tikintisi ilə bağlı ilkin razılıq əldə olunub.  Bununla yanaşı tərəflər Cənub axını qaz kəməri layihəsi ilə bağlı danışıqları davam etdirəcək. 

Putinin Türkiyəyə səfəri çərçivəsində iki ölkə arasında ümumilikdə 16 sənədin imzalanması gözlənilir. Rusiyanın hökumət nümayəndəsi Yuri Uşakovun sözlərinə görə, bu sənədlər neft-qaz, atom energetikası və nəqliyyat sahələrini əhatə edir.  Bu gün Putinlə yanaşı  İtaliyanın baş naziri Silvio Berluskoni də Ankarada olacaq. Berluskoni Ərdoğanla Putinin keçirəcəyi görüşdə iştirak edəcək. İtaliya nümayəndə heyətinin tərkibində ölkənin neft -qaz şirkətinin başçısı Eni Paola Skaroni də olacaq.

Rusiya nümayəndə heyəti bu gün prezident Abdullah Gül tərəfindən də Çankaya Köşkündə qəbul ediləcək./ANSPRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar