Venesuela prezidentinin son görüntüləri yayılıb
04 İyul 2011 Bazar Ertəsi 13:53
Karakasda isə Uqo Çavesə dəstək nümayişləri keçirilib.
Haqqında "ölümcül xəstədir" kimi şayiələr gəzən Venesuela prezidenti Uqo Çavesin səhhəti möcüzəli şəkildə yaxşılaşmağa doğru gedir. Bunu Venesuelanın xarici işlər naziri Nikolas Maduro bəyan edib. Nazir bildirib ki, həkimlər Uqo Çavesdə bədxassəli xərçəng şişini vaxtında aşkar ediblər və bu, şişi tamamilə aradan qaldırmağa imkan verib.

Bu arada, Venesuelanın dövlət televiziyası Kubada müalicə alan prezident Uqo Çavesin ən son görüntülərini yayıb. Kadrlarda prezident öz qızları Roza və Mariya və xarici işlər naziri ilə birlikdə gəzir. Naməlum yerdə yaşıllıq sahəsində gəzən prezident idman geyimində görünür. Xatırladaq ki, Uqo Çaves ötən ayın sonlarında 2 dəfə əməliyyat olunaraq çanaq nahiyyəsində bədxassəli şişin götürüldüyünü bəyan etmişdi.

Bu arada, Venesuela paytaxtı Karakasda minlərlə Uqo Çaves tərəfdarı küçələrə çıxıb. Yürüş keçirən minlərlə adam "Yaşasın Çaves!" kimi şüarlar səsləndiriblər. Venesuelanın İspaniyadan ayrılaraq müstəqillik elan etməsinin 200-cü ildönümü münasibətilə təşkil edilən yürüşdə "Tezliklə sağal", "Venesuela səninlədir" kimi şüarların əks olunduğu plakatlar da qaldırılıb.

Uqo Çavesin Twitter sosial şəbəkəsindəki ismarıcında isə onun hər gün mütəmadi olaraq idmanla məşğul olduğu və Karakasda nümayişçilərin göndərdiyi "sevgi hovuzunda" çimdiyi yazılıb. "Bu, ən yaxşı müalicədir!" - Uqo Çaves belə yazıb.

Çavesin əleyhdarları isə hökuməti prezidentin sağlıq vəziyyəti ilə bağlı kifayət qədər məlumat verməməkdə günahlandırır. Müxalifət Çavesin sağlığının onun 2012-ci il prezident seçkilərində iştirakını da sual altında qoyduğunu bəyan edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar