Vatikan qondarma erməni soyqırımı barədə kitab nəşr edəcək
12 İyul 2011 Çərşənbə Axşamı 04:22
Vatikan bu addımı qalmaqal yaratmaq üçün yox, tarixi aydınlatmaq üçün atacağını deyib.
Vatikan qondarma erməni soyqırımı iddiaları barədə əlində olan sənədləri kitab kimi nəşr edəcək. Bu barədə məlumatı Fransada nəşr olunan erməni mətbuatı yayıb. Məlumatı Vatikan radiosu da təsdiqləyib. Kitabda nəşr olunacaq sənədlər isə Vatikanla Anadoluda yaşayan katolik din xadimləri arasında ermənilərə qarşı törədilmiş “qətliamlar” barədə olan yazışmalardır. Bundan başqa radio 1914 – 1922-ci illərdə papa olmuş XV Benyanın ermənilərə mərhəmətli rəftar etməsi üçün osmanlı padşahına yazdığı məktublara da yer veriləcəyini deyib.
Radionun xəbərində “faciə” kimi təqdim olunan hadisələr barədə Vatikan arxivlərində “dəlillər” və “sübutlar” olduğu bildirilir. Radioya görə, bunlar arasında osmanlı əsgərlərinin hamilə qadınların qarnını kəsməmişdən əvvəl körpənin cinsiyyəti barədə bəhsə girmələri kimi səhnələrin təsviri də var.
Vatikan radiosu həmçinin bu sənədləri qalmaqal yaratmaq üçün yox, tarixi aydınlatmaq üçün yayacağını deyib.
Kitabın nə vaxt nəşr olunacağı barədə isə məlumat verilməyib. anspress
DOSTLARINLA PAYLAŞ: