Vaşinqtonda Azərbaycanın haqlı mövqeyini müdafiə etdik
05 Aprel 2011 Çərşənbə Axşamı 12:40
“İşğal altındakı torpaqlar azad edilmirsə, bu işdə ən az Ermənistan qədər Rusiya da məsuliyyət daşıyır


İstanbul. Mais Əlizadə - APA. Türkiyənin Azərbaycan və ABŞ-dakı keçmiş səfiri, Türkiyə XİN icra aparatının sabiq rəhbəri, hazırda Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin beynəlxalq məsələlər üzrə müşaviri Faruk Loğoğlunun APA-ya müsahibəsi.

- Türkiyənin ana müxalifət partiyası son illərdə ilk dəfə ABŞ-a nümayəndə heyəti göndərdi. Vaşinqtonda keçirdiyiniz görüşlərdə uydurma “soyqırım” iddiaları və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı məsələsi gündəmə gəldimi?

- Bəhs etdiyiniz birinci məsələni nə biz gündəmə gətirdik, nə də amerikalılar. Ancaq Dağlıq Qarabağ məsələsi ayrı-ayrı görüşlərdə gündəmə gəldi və biz də Türkiyənin mövqeyindən çıxış etdik. Cümhuriyyət Xalq Partiyasının mövqeyinin Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsindən ibarət olduğunu vurğuladıq.

- Səfərinizin əsas məqsədi nədən ibarət idi?

- Biz bu səfər zamanı Cümhuriyyət Xalq Partiyasının Türkiyənin idarəçiliyi ilə bağlı planları barədə fikir mübadiləsi apardıq. Türkiyənin xarici siyasətinin üzərində kifayət qədər dursaq da, “soyqırım” iddiaları gündəmə gəlmədi.

- Vaşinqtondan yazılan xəbər və şərhlərdən səfərinizin uğurla keçdiyini oxuduq. Türkiyədə demokratiyanın vəziyyətini ətraflı müzakirə etdiyiniz yazıldı. Sizcə, demokratiya məsələləri bölgə ölkələrinə nə dərəcədə təsir göstərəcək?

- CHP olaraq bizim bu məsələ ilə bağlı fikrimiz açıqdır: xalq hərəkatının baş verdiyi ölkələrdəki rejimlər xalqın tələblərinə uyğun şəkildə dəyişməlidir. Əgər iqtidarda olan rejimlər demokratik dəyişiklikləri həyata keçirə bilmirlərsə, hakimiyyətdən getməlidirlər. Demokratiya, insan hüquqları, ədalət, bərabərlik - bizim nöqteyi-nəzərimizdən bəşəri kateqoriyalardır.

- Ana müxalifət partiyası olaraq iyun seçkilərində iqtidara gəlməyi qarşıya məqsəd qoymusunuz. Bilirsiniz ki, Azərbaycanın ən önəmli məsələlərindən biri erməni işğalı altındakı torpaqların azad edilməsidir. AKP iqtidarının “qonşularla münasibətləri normallaşdırma” siyasəti uğur qazanmadı. Azərbaycan torpaqlarının işğaldan mümkün qədər tez azad edilməsi istiqamətində partiyanızın konkret hədəfləri nədən ibarətdir?

- Burada ən konkret addım Ermənistan BMT və ATƏT qərarlarına riayət edərək işğal etdiyi torpaqlardan bir an əvvəl çıxmasıdır. CHP Dağlıq Qarabağ probleminin ədalətli şəkildə həlli üçün Türkiyənin bu işə daha çox ağırlığını qoymasına tərəfdardır. Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasından çox, işğal altındakı torpaqların azad edilməsi və Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə öncəlik vermək lazımdır. Burada əsas məsələ Rusiyanı problemin həllinə razı salmaqdır. Məncə işğal altındakı torpaqlar azad edilmirsə və Dağlıq Qarabağ məsələsi həll edilmirsə, bu işdə ən az Ermənistan qədər Rusiya da məsuliyyət daşıyır. Minsk Qrupu kifayət qədər təsirli ola bilmir, ona görə də problemə yeni bir yanaşma tərzi gətirmək lazımdır. ABŞ və Rusiya bu problemin həlli üçün daha çox təşəbbüs göstərməlidir. Dağlıq Qarabağ məsələsinin ədalətli şəkildə həll edilməsi üçün Azərbaycan özünün enerji potensialından səmərəli istifadə edə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar