Varlı qadın" artıq Özbəkistandadır
27 Mart 2012 Çərşənbə Axşamı 14:49
Tamaşa Fərqanə Musiqili Dram və Komediya teatrında səhnəyə qoyulur.
Azərbaycanlı dramaturq Əli Əmirlinin "Varlı qadın" komediyası Özbəkistan teatrında səhnəyə qoyulacaq. ANS PRESS-in Özbəkistan informasiya agentliyi “Uzinform”a istinadən verdiyi məlumata görə, Özbəkistan Respublikasının Fərqanə vilayətində Fərqanə Musiqili Dram və Komediya teatrında Əli Əmirlinin “Varlı qadın” komediyası üzərində tamamlanma işləri gedir. Teatrın baş rejissoru, Özbəkistanın xalq artisti, dövlət mükafatları laureatı Məhəmmədsoli Yusupovun dediyinə görə, o həm də baş rollardan birinin ifaçısıdır, premyera Novruz bayramlarından sonra tamaşaçıların ixtiyarına veriləcək. Tamaşada Fərqanə teatrının istedadlı aktyorları Məlahət Tairova, Kamilə Vəliyeva, Ədhəm Kirgizbayev, Akmal Mirzəyev və başqaları çıxış edəcəklər.
Qeyd edək ki, Əli Əmirlinin bu məşhur komediyası ölkəmizin bütün əsas teatrlarında, habelə bir sıra xarici ölkə teatrlarında, o cümlədən Tacikistanın iki teatrında rus və tacik, Qırğızıstanın Bişkek şəhər teatrında rus və qırğız, eləcə də Qazaxıstanın iki teatrında rus və qazax dillərində tamaşaya qoyulub. 2011-ci ilin mart ayında isə “Varlı qadın” Mahaçqalada Kumık dövlət musiqili dram teatrında kumık dilində səhnələşdirilib.
DOSTLARINLA PAYLAŞ: