Vanda itkilər barədə son məlumat
10 Noyabr 2011 Cümə Axşamı 10:01
Dağıntıların altından 5 nəfər ölü, 20 nəfər isə yaralı olaraq xilas edilib.
Türkiyənin Van vilayətində baş vermiş ikinci şiddətli zəlzələdən sonra ilk rəsmi açıqlamanı baş nazirin müavini Bəşir Atalay verib. Atalay şəhərdə 25 binanın uçduğunu, onlardan 22-nin boş olduğunu, digər 3 binada isə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Ən son məlumata görə, dağıntıların altından 5 nəfər ölü, 20 nəfər isə yaralı olaraq xilas edilib. Axtarış-xilasetmə işləri davam etdiyindən ölü və yaralı sayının çoxalacağı istisna edilmir.
İlk dağıntının baş verdiyi “Bayram” otelin sahibi Aslan Bayram oteldə 27 nəfərin qaldığını, zəlzələ vaxtı binada sadəcə 15 nəfər olduğunu bildirib. Zəlzələ vaxtı özünün də oteldə olduğunu deyən Aslan Bayram binanın damına çıxaraq xilas olduğunu deyib. Otel sahibi həmçinin bildirib ki, 23 oktyabr zəlzələsindən sonra onun binasına baxış keçirilib və ona hər hansı bir xəbərdarlıq olunmayıb.
Qeyd edək ki, "Bayram" oteldə bir çox mətbu orqanların müxbirləri də olub. "Cihan" agentliyinin müxbiri son anda xilas olsa da, digər jurnalistlərdən hələlik xəbər yoxdur.
Van şəhərində dekabrın 5-nə qədər məktəblərdə tətil elan edilib.
DOSTLARINLA PAYLAŞ: