Urumçidə sənədlərin güclü yoxlanışına başlanılıb
13 İyul 2009 Bazar Ertəsi 16:00
Yerli hakimiyyət sakinlərə və şəhərə gələnlərə üzərlərində şəxsiyyəti təsdiq edən sənəd götürmələri barədə xəbərdarlıq edib

 

Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar Bölgəsinin mərkəzi Urumçidə iyulun 5-də baş verən qarşıdurmalardan sonra küçələrdə sənədlərin güclü yoxlanışına başlanılıb. İtar-Tass-ın məlumatına görə, yerli hakimiyyət sakinlərə və şəhərə gələnlərə üzərlərində şəxsiyyəti təsdiq edən sənəd götürmələri barədə xəbərdarlıq edib.

Məlumata görə, Urumçi polisinin üzərində sənəd olmayan şəxsi həbs etmək ixtiyarı var. Bundan əlavə, sakinlərə üstlərində və avtomobillərində təhlükəli əşyalar daşımaq qadağandır.

Xatırladaq ki, Çinin şimal-qərbindəki Sincan Uyğur Muxtar bölgəsində yaşayan yerli uyğurlarla xanlar arasında baş verən qarşıdurmalar nəticəsində 184 nəfər öldüb.

Qeyd: 56 fərqli etnik qrupun yaşadığı Çin Xalq Respublikasının əsas əhalisi xanlardır və sayları 1,1 milyarddan çoxdur. Azərbaycan türkcəsinə ən yaxın şivədə danışan, özlərini türk adlandıran uyğurların və ya şərqi türküstanlıların Çində rəsmi sayı 10 milyondur. Qeyri-rəsmi məlumatlara görə isə onların sayı 80 milyonu keçir. Rəqəmlər arasında olan bu fərq Çin hökumətinin tətbiq etdiyi ailə planlaşması siyasətindən qaynaqlanır. Bu siyasətə görə xan ailələri 1 uşağa, uyğur ailələri isə 2 uşağa malik ola bilər.

Müsəlman olan uyğurlar bu qadağalara tabe olmurlar və ailələrdə uşaq sayı adətən 5-i keçir. Buna görə də uyğurların çoxu Çinin rəsmi təhsil sistemindən kənarda qalaraq, Kaşqar və Urumçi kimi iri şəhərlərdə belə mollaxana təhsili ilə kifayətlənirlər və rəsmi qeydiyyata düşmürlər.

Bu fərq Sincan rayonunun mərkəzi şəhəri olan Urumçinin əhali sayında da özünü göstərir. Rəsmi məlumatlara görə, Urumçinin 2,2 milyon əhalisi var və onların yalnız 14 faizi uyğurlardır. Qeyri-rəsmi məlumatlara görə isə Urumçidə 10 milyon əhali yaşayır və onların 5,5 milyon uyğur, 4,5 milyonu isə çinlidir. Şəhərdə yaşayan çinlilərin əksəriyyətinin uyğurca bilməsi qeyri-rəsmi məlumatların daha doğru olduğunu göstərir.

1960-cı illərdə Urumçi 300 min əhalisi olan və yalnız uyğurların yaşadığı bir şəhər idi. Şəhərdə çinlilərin bu qədər artması Çin hökumətinin apardığı köçürmə və assimlyasiya siyasətinin nəticəsidir.

Hazırda dünyada 20 milyona yaxın uyğur mühaciri var və onlar Uyğurustanın azadlığı uğrunda mübarizə aparırlar. Əslən Kaşqardan olan Yusif bəy Muxlesi uzun müddət Uyğurustan Xalq Cəbhəsinin lideri olub. Onun ölümündən sonra bu vəzifəyə Rabiya Qadir seçilib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar