Uqo Çavesin Rusiyaya səfəri başlayır
14 Oktyabr 2010 Cümə Axşamı 02:00
Səfər çərçivəsində Venesuela-Rusiya müştərək bankının yaradılması ilə bağlı müqavilə imzalanacaq.
Venesuela lideri Uqo Çaves bu gün Rusiyaya rəsmi səfər edəcək. O bildirib ki, iki gün davam edəcək səfər Rusiya ilə strateji münasibətlərin dərinləşməsi və genişlənməsinə xidmət edir. Uqo Çaves səfər ərəfəsində xalqa müraciətində deyib ki, “Rusiya bu gün fövqəldövlətdir və dünyanın hakimiyyət qütblərindən biridir”. Onun sözlərinə görə, səfər xamanı Rusiya-Venesuela müştərək bankının yaradılması ilə bağlı rəsmi sənədlərin imzalanması gözlənilir. Bankın baş ofisi Moskvada, şöbələri isə Çin və Venesuelada yerləşəcək.
Uqo Çaves məlumat verib ki, danışıqların əsas mövzularından biri də atom enerjisindən dinc istifadə məsələsi olacaq. Onun sözlərinə görə, Venesuelada atom elektrik stansiyasının inşası ilə bağlı ilkin layihələr hazırlanıb. Bundan başqa, Moskva Karakasa sosial evlərin tikintisində də yardım edəcək. Venesuela paytaxtında və digər regionlarda kütləvi tikinti üçün bir neçə dəmir-beton konstruksiyaları və tikinti materialları zavodunun yaradılması nəzərdə tutulur.
Səfər çərçivəsində Venesuela və Rusiya arasında hərbi-texniki əməkdaşlıqla bağlı indiyədək aparılmış danışıqlar da təhlil edirəcək. Uqo Çaves məlumat verib ki, bu ilin sonu və ya 2011-ci ilin əvvələrində Venesuela Rusiyadan yeni hərbi texnika, bir neçə batalyon müasir tank və hava hücumundan müdafiə qurğuları alacaq.
Uqo Çavesin Rusiyadan başlayacaq səfəri Belarus, Ukrayna, İran, Suriya və Portuqaliyada davam etdiriləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: