Uqo Çaves ABŞ-ı hədələdi
29 Dekabr 2010 Çərşənbə 10:40
“ABŞ Karakasa göndərəcəyi səfiri dəyişməzsə, münasibətlər pozula bilər”
Venesuela prezidenti Uqo Çaves bəyan edib ki, əgər Vaşinqton Larri Palmeranın Amerikanın Karakasdakı səfiri vəzifəsinə təyin edilməsinə təkid edərsə, ölkəsi ABŞ-la “diplomatik münasibətləri pozmağa” hazırdır. ANS PRESS-in “France-Press” agentliyinə istinadən verdiyi xəbərə görə, Çaves bu bəyanatla dünən Venesuela televiziyasının efirində çıxış edib.
Qeyd edək ki, Larri Palmer 2010-cu ilin yayında ABŞ prezidenti Barak Obama tərəfindən Amerikanın Venesueladakı səfiri postuna namizəd kimi irəli sürülüb. Amerika qanunlarına görə, səfirin namizədliyini Senat təsdiq etməlidir. Lakin ABŞ Senatında dinləmələr zamanı Palmer Venesuela rəhbərliyinin ünvanına bir sıra tənqidi fikirlər səsləndirib. O, Cənubi Amerika ölkəsini, xüsusilə Uqo Çaves hökumətini Kolumbiya inqilabi silahlı qüvvələri ilə əlaqələrdə ittiham edib.
Diplomatın çıxışına cavab olaraq Venesuela prezidenti bəyan edib ki, Palmeri ABŞ-ın Karakasdakı səfiri qismində qəbul etməyəcək və Obamadan başqa bir namizəd seçməyi xahiş edib. ABŞ prezidenti isə venesuelalı həmkarının istəklərinə məhəl qoymayıb. Bununla belə Palmerin Karakasdakı səfir postuna namizədliyi hələ ki, Senat tərəfindən təsdiq edilməyib.
Xatırladaq ki, əvvəllər Birləşmiş Ştatlar Amerikanın Karakasa səfir namizədi ətrafında yaranan mübahisənin ikitərəfli münasibətlərin ciddi şəkildə pisləşməsinə gətirib çıxaracağı ilə bağlı Venesuelanı dəfələrlə xəbərdar edib.
DOSTLARINLA PAYLAŞ: