Ukraynanın Baş Prokurorluğuna Viktor Yuşşenkonun qanı lazımdır
07 Noyabr 2010 Bazar 01:25
Yeni hakimiyyət onun zəhərlənməsi ilə bağlı ehtimalara inanmır.
Ukraynanın yeni baş prokuroru Viktor Pşonka bildirib ki, ölkənin es-prezidenti Viktor Yuşşenkonun təkrar qan analizinə ehtiyac var. O, televiziya ilə çıxışında bildirib ki, söhbət Viktor Yuşşenkonun 2004-cü ildə prezident kürsüsü uğrunda seçkiqabağı mübarizə dövründə dioksinlə zəhərlənməsi faktının araşdırılmasından gedir. Baş prokuror deyib ki, əvvəllər keçirilmiş qan müayinələrinin nəticələrinin obyektivliyinə şübhə var. Ekspertlər hesab edirlər ki, prezidentliyə namizədin zəhərlənməsi ilə bağlı informasiya onun seçkiqərdəki qələbəsinə təsir göstərib.
“İstintaqda xaricdə aparılmış müayinələrin obyektivliyi ilə bağlı ciddi suallar var. Viktor Andreyeviçdən yenidən qan götürülməsi və bir sıra suallara cavab vermək üçün analizin aparılmasına ehtiyac var” - deyə Viktor Pşlnka bildirib. Viktor Yuşşenkoya üç dəfə çağırış göndərilsə də, o, təkrar ekspertiza üçün qan verməyə getməyib. Baş prokurorun sözlərinə görə, istintaq bu istiqamətdə fəaliyyətini davam etdirir.
Xatırladaq ki, 2004-cü ilin payızında Ukrayna prezidentliyinə namizəd Viktor Yuşşenkonun səhhəti pisləşib. Onun dioksinlə zəhərlənməsi ilə bağlı versiyalar irəli sürülüb. Bunu Avstriyadakı özəl klinikalardan birində keçirilmiş müayinədər də təsdiqləyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: