Ukraynada üç erməni biznesmen Azərbaycan diasporuna maddi və siyasi dəstək təklif edib
12 Fevral 2014 Çərşənbə 14:01
Hər üç erməni iş adamı Luqanskdakı erməni diasporunun fəaliyyətinə etiraz olaraq bu təkliflə çıxış ediblər.
Ukraynada daha üç erməni iş adamı Azərbaycan diasporuna maddi və siyasi dəstək təklif edib.

Ukraynanın Luqansk vilayəti üzrə Birləşmiş Ukrayna Azərbaycanlılar Konqresindən APA-ya verilən məlumata görə, hər üç erməni iş adamı Luqanskdakı erməni diasporunun fəaliyyətinə etiraz olaraq bu təkliflə çıxış ediblər.

Bundan əvvəl Azərbaycan diaspor fonduna pul köçürən Robert adlı erməni iş adamına sonradan edilən təzyiqlər nəzərə alınaraq, bu erməni iş adamlarının adları açıqlanmır.

“Erməni iş adamları azərbaycanlıların fonduna maddi vəsaitin köçürülməsi ilə yanaşı, istənilən ictimai və siyasi aksiyalarda dəstək göstərməyə hazır olduqlarını da bildiriblər. Onlar bunu vilayətdəki erməni diasporunun fəaliyyətinə etiraz olaraq etdiklərini bildirib, həmyerlilərini şovinizmdə ittiham ediblər”, - deyə Konqresdən bildirilib.

Qeyd edək ki, ötən ilin sonunda Luqanskda erməni əsilli tanınmış iş adamı Robert (soyadı təhlükəsizliyi baxımından açıqlanmırdı) erməni diaspor təşkilatının fondu üçün nəzərdə tutduğu xeyli vəsaiti Azərbaycan diaspor təşkilatının fonduna köçürmüşdü.

Köçürülən vəsaitin məbləği açıqlanmır. O bu addımını erməni diaspor təşkilatı ilə aralarında yaranmış fikir ayrılığı ilə izah edib, azərbaycanlılarla, eləcə də vilayətdə yaşayan digər türkdilli xalqlarla münasibətdə erməni diaspor təşkilatının qərəzli mövqeyini tənqid edərək, etirazını bu şəkildə ifadə etdiyini bəyan etmişdi.

İş adamı bundan sonra da nəzərdə tutulan aylıq vəsaiti erməni diaspor təşkilatının deyil, məhz Azərbaycan diasporunun hesabına köçürəcəyini bildirmişdi.

Bu hadisədən sonra yerli erməni və ermənipərəst təşkilatlar tərəfindən Robert və qohumları təhdid olunmağa başlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar