Ukraynada dəmir yolu nəqliyyatı iflic vəziyyətinə düşüb
20 Dekabr 2009 Bazar 05:40
Ukraynada dəmir yolu nəqliyyatı iflic vəziyyətinə düşüb. Problemli bölgələrdən Bakı-Kiyev qatarı da keçir.
Ukraynada güclü qar yağması üzündən 60 qatar, o cümlədən, 37 sərnişin qatarı dayanıb. Məlumatı ölkənin Nəqliyyat və Rabitə Nazirliyinin mətbuat xidməti yayıb. Dəmir yolu hərəkətanın bərpası işlərində problemli ərazilərdə 10 minədək adam işləyir.
Bundan başqa, Odessa, Severodonetsk və ölkənin cənub-qərbindəki digər şəhərlərin hava limanları bağlanıb.
Qar bir sıra avtomobil yollarında da hərəkəti çətinləşdirib. Yollarda fasiləsiz hərəkəti təmin etmək məqsədilə 3000-dək texnika və 4500-dən çox adam səfərbər edilib. Odessa, Nikolayevsk və Luqansk vilayətlərində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Ukrayna Nəqliyyat və Rabitə Nazirliyi sürücüləri səfərlərdən çəkinməyə çağırıb.
Qeyd edək ki, Azərbaycandan da Ukraynaya qatarlar hərəkət edir. “Azərbaycan Dövlət Dəmir Yolları” Səhmdar Cəmiyyətinin internet saytındakı məlumata görə, 369 saylı Bakı-Xarkov qatarı hər həftənin cümə axşamı günləri, 31 saylı Bakı-Kiyev qatarı isə hər həftənin çərşənbə axşamı günləri yola düşür. Bakı-Kiyev qatarı Ukraynanın Odessa, Lvov, Dnepropetrovsk və Simferopol şəhərlərindən keçir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: