Ukrayna televiziyası Şuşanı erməni şəhəri kimi təqdim edib
07 Dekabr 2009 Bazar Ertəsi 10:25
Bazar günü Ukraynanın “İnter” telekanalının “Həftənin təfsilatı” verilişində Dağlıq Qarabağa həsr olunmuş süjet nümayiş olunub.
Krımdakı Azərbaycan diasporunun rəhbəri Rəhim Hümbətovun APA-ya verdiyi məlumata görə, süjetin müəllifi Cənubi Qafqaz regionunun ən köklü münaqişələrindən biri olan Dağlıq Qarabağ konflikti haqqında qeyri-obyektiv məlumatlar verib və süjet bütünlüklə dezinformasiyaya əsaslanıb. Videomaterialda Şuşa şəhəri erməni şəhəri kimi təqdim olunub. Rəhim Hümbətov Ukraynanın rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, ölkəmizin strateji müttəfiqi olduğunu və Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyini xatırladıb: “Heyrət doğuran fakt odur ki, Ukraynanın əsas kanallarından biri, öz obyektivliyi ilə seçilən “İnter” bu süjeti hazırlamaqda qeyri-peşəkarlıq nümayiş etdirib və jurnalist etikasının tələbinə uyğun olaraq Azərbaycan tərəfin mövqeyini işıqlandırmayıb. Ukraynada yaşayan azərbaycanlılar bu faktdan narahatlıq keçirirlər. Bununla bağlı mənə soydaşlarımızdan çoxsaylı zənglər gəlir. Bu süjetlə əlaqədar Azərbaycan icması telekanalın rəhbərliyinə etiraz məktubu göndərib. Telekanal rəhbərliyindən Azərbaycanın mövqeyini nümayiş etdirən veriliş hazırlamaq və efirdə yayımlamaq tələb olunub”. APA
DOSTLARINLA PAYLAŞ: