Ukraynada ölkə müxalifəti paytaxt Kiyevin mərkəzində hökumət əleyhinə mitinq keçirib. Mitinqə Ukraynanın müxtəlif yerlərindən gəlmiş müxalifət tərəfdarları qatılıb. Regionlar partiyasının təşkil etdiyi və 20 minə yaxın insanın iştirak etdiyi bu nümayişdə səslənən şüar «Hakimiyyəti dəyişək-böhranı dayandıraq» olub.
Qeyd edək ki, Regionlar partiyasının sədri, keçmiş Baş nazir Viktor Yanukoviç prezident Viktor Yuşşenkonun əsas siyasi rəqiblərindəndir. Mitinqə toplaşanlar hazırki hakimiyyəti ölkədəki böhranla mübarizə apara bilməməkdə ittiham ediblər. Regionlar partiyasının sədri Viktor Yanukoviç nümayişçilər qarşısında çıxış edib: «Mən hamımıza yaxın gələcəkdə bu hakimiyyətin istefaya getməsini arzulamaq istəyirəm. Bu qərar təkcə müxalifətin qərarı deyil, bu, qərbdən şərqə, şimaldan cənuba kimi bütün Ukrayna xalqının, normal ölkədə yaşamaq istəyənlərin qərarıdır».
Viktor Yanukoviç həmçinin mövcud hakimiyyətin Ukraynanı böhrana gətirdiyini və hakimiyyətdə olduğu 4 il ərzində aralarındakı münasibətləri aydınlaşdırmaqdan başqa bir şey etmədiyini bildirib.
Regionlar partiyasının məqsədi Ukraynada hökumət və prezidentin istefasına nail olmaqdır. Mitinq iştirakçıları ölkədəki sosial-iqtisadi vəziyyəti pisləyiblər. Onlar işsizliyin artmasına, əmək haqlarının gecikdirilməsinə, müəssisələrin bağlanmasına, həmçinin də kommunal haqların qalxmasına qarşı etirazlarını bildiriblər. Ölkədə yaranmış mövcud ağır vəziyyətə görə prezident Yuşşenkonu və onun hökumətini günahlandırıblar. Bu ilin ilk iki ayında Ukraynanın iqtisadiyyatı 30 faiz aşağı düşüb, milli valyuta dollarla müqayisədə öz dəyərinin yarısını itirib və işsizlərin sayı bir milyona çatıb. Oktyabr ayında başlayacaq seçkilər siyasi gərginliyi daha da artırıb.
Beynəlxalq Valyuta Fondu Ukraynaya böhranla mübarizədə yardım üçün 16,4 milyon ABŞ dolları ayırıb. Lakin prezident Yuşşenko və Baş nazir Timoşenko arasındakı səngimək bilməyən münaqişə ehtiyac duyulan ikinci yardımı qeyri-mümkün edib. Beynəlxalq Valyuta Fondunun yardımını əldə etməkdən ötrü ölkə parlamenti bir sıra stabilləşdirici tədbirləri qəbul etməlidir. Lakin Regionlar partiyasından olan deputatlar parlamentin qapılarını bağlayaraq iclasın başlamasına imkan verməyiblər. Nümayişçilər qarşısında çıxışında Regionlar partiyasının lideri Viktor Yanukoviç növbədənkənar parlament seçkisinin keçirilməsini istəyib və hökuməti istefaya çağırıb. Bununla belə, qeyd etmək lazımdır ki, Yanukoviçin partiyası Ali Radada çoxlu yerə sahibdir. Yanukoviç yeni seçki zamanı prezident Yuşşenko və Baş nazir Timoşenkonun ümidsizliyindən istifadə edərək parlamentdə daha çox kürsüyə sahib olmaq istəyir. Partiya rəhbəri prezident və hökumət istefaya getməyənədək etirazların davam etdiriləcəyini bildirib. Bu, son zamanlar Ukraynada keçirilmiş ən böyük aksiyalardan biridir. /ANS TV/