Uçan maşın sınaqdan keçirilib
19 Mart 2009 Cümə Axşamı 20:15
Amerikanın “Terrafugia” şirkəti “Transition” adlı uçan avtomobili ilk dəfə sınaqdan keçirib.
APA-nın məlumatına görə, yeni avtomobil şose yollarda istifadə üçün nəzərdə tutulub və istənilən uçuş xəttindən havaya qalxmaq imkanına malikdir. Lakin avtomobildə uçmaq üçün pilota xüsusi lisenziya almalıdır. Firma təmsilçiləri lisenziyanın xüsusi kurs keçən və 20 saat uçuş saatı olan şəxslərə veriləcəyini bildiriblər.

“Terrafugia Transition” yerdə adi avtomobil funksiyasını həyata keçirir və adi benzin mühərriki ilə işləyir. Havaya qalxan zaman isə avtomobil “Rotax 912S” propeller motorundan yararlanır. Adi avtomobilin təyyarəyə çevrilməsi cəmi 30 saniyə çəkir, bu müddət ərzində maşının yan tərəflərindən qanadlar açılır. Uçan avtomobil havada bir dəfəyə 724 kilometr məsafə qət edə bilir, onun maksimal sürəti 185 kilometr / saatdır. Yerdə isə “Transition” dolu benzin çəni ilə cəmi 105 kilometr məsafə qət etməyə qadirdir. Hələlik maşının geniş istehsalı nəzərdə tutulmur. Bununla belə istehsalçılar artıq ilk sifarişləri qəbul etməkdədir. Uçan avtomobili almaq üçün alıcılar ilkin ödəniş olaraq 10 min dollar ödəməlidir. Maşının qiyməti 194 min dollardır.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar