Türkmənistanın yeni prezidenti and içəcək
17 Fevral 2012 Cümə 02:36
Qurbanqulu Berdiməhəmmədov bu gündən ikinci müddətə vəzifəsinin icrasına başlayır.
Yenidən Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bu gün andiçmə mərasimindən sonra rəsmən səlahiyyətlərinin icrasına başlayacaq. Andiçmə mərasimi Aşqabaddakı Konqres Sarayında keçiriləcək. Mərasimdə ölkə rəsmiləri, diplomatik missiyaların başçıları, xarici qonaqlar, partiyalar və ictimai hərəkatların nümayəndələri, Türkmənistanın bütün bölgələrindən ağsaqqallar və dini rəhbərlər, görkəmli elm, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.

Qurbanqulu Berdiməhəmmədov and içdikdən sonra ona dövlət başçısı vəsiqəsi təqdim olunacaq və növbəti beş il ərzində prezident səlahiyyətlirinin icrasına başlayacaq. Yeni dövlət başçısının xalqa müraciət edəcəyi gözlənilir. Ölkə Konstitusiyasına cörə, andiçmə mərasimində hökumət istefaya gedəcək, lakin yeni Nazirlər Kabineti formalaşanadək səlahiyyətlərinin icrasını davam etdirəcək.

Qurbanqulu Berdiməhəmmədov fevralın 12-də keçirilmiş prezident seçkilərində qalib gəlib. Dövlət başçısı postu uğrunda səkkiz namizəd mübarizə aparıb. Qurbanqulu Berdiməhəmmədov səslərin 97,14 faizini toplayıb. Onun rəqiblərinin ən çox topladığı səs isə cəmi 1,07 faiz olub. Bu, Türkmənistanın müasir tarixində sayca ikinci alternativli prezident seçkisidir. Birinci dəfə belə seçki 2007-ci ilin fevralında ölkəyə 21 il rəhbərlik etmiş Saparmurad Niyazovun vəfatından sonra keçirilmişdi.

Qurbanqulu Berdiməhəmmədovun 54 yaşı var. O, ixtisasca həkimdir, tibb elmləri doktoru, iqtisad elmləri doktoru elmi dərəcələrinə malikdir, Türkmənistan Elmlər Akademiyasının akademikidir. Qurbanqulu Berdiməhəmmədov Saparmurad Niyazovun prezidentliyi dövründə baş nazirin müavini vəzifəsində işləyib. 2011-ci ilin oktyabrında ona “Türkmənistan qəhrəmanı” fəxri adı verilib. Boş vaxtlarında idmanla və atçılıqla məşğul olur. Rus və alman dillərini bilir. Ailəlidir, bir oğlu və iki qızı var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar