Türklərin Liviyadan təxliyəsi başa çatdı
01 Mart 2011 Çərşənbə Axşamı 05:36
Türkiyə hökuməti 1091 nəfəri əcnəbi olan 18 375 nəfəri sağ-salamat ölkəyə çatdırıb.
Türklərin Liviyadan təxliyəsi başa çatıb. Bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu verib. Türkiyə XİN rəhbəri növbəti mərhələnin Liviyaya yardım çatdırmaq olduğunu bildirib.
Qeyd edək ki, Liviyada baş verən üsyandan sonra 25 000 vətəndaşının təxliyəsi üçün işə başlayan rəsmi Ankara 1091 nəfəri əcnəbi olan 18 375 nəfəri sağ-salamat Türkiyəyə çatdırıb.
XİN rəhbəri Davudoğlu artıq Tripoli hava limanında və Binqazi dəniz limanında təxliyə üçün gözləyən türk qalmadığını deyib. Nəqliyyat naziri Binali Yıldırım isə təxliyə işinin uğurla başa çatdığını bildirib.
Təxliyənin çox yaxşı təşkil edildiyini deyən baş diplomat növbəti mərhələyə hazırlaşdıqlarını, bu mərhələdə liviyalılara ərzaq yardımı çatdıracaqlarını deyib. Göndəriləcək yardımı hazır saxladıqlarını deyən Davudoğlu tələb olacağı anda bu yardımları yollayacaqlarını bildirib. “Arzum budur ki, çox böyük bir ərzaq dəstəyinə ehtiyac duyulmasın. Amma Liviya xalqının, lazım gələrsə Türkiyənin bütün imkanlarını səfərbər edərək onlara dəstək verəcəyindən arxayın olmasını istəyirik”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: