Türkiyənin Xİ naziri İrana səfərdə
09 Mart 2009 Bazar Ertəsi 12:50
Əli Babacan İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısında iştirak edəcək

 

Türkiyənin xarici işlər naziri Əli Babacan İrana səfər edib. ANSPRESS CNNTürk-ə istinadən xəbər verir ki, nazirin səfərinin məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının toplantısında iştirak etməkdir. Ə. Babacan həmçinin martın 11-da Tehranda təşkilata üzv ölkələrin dövlət başçılarının XI zirvə toplantısında prezident Abdulla Gülü müşayiət edəcək.
Trükiyəli nazir Tehrana yola düşərkən Esenboğa hava limanında jurnalislərə açıqlama verib. O bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının ən önəmli məqsədi bölgədə iqtisadi sabitliyin təmini və rifahın yaradılmasıdır. Qeyd edək ki, təşkilatın IX zirvə toplantısı 2007-ci ilin mayında Bakıda keçirilib.

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir.

İƏT-in kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir. Azərbaycan da qurumun üzvüdür./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar