Bütün ölkələr bu "Samur"u almaq istəyir.
Türk mütəxəssislərinin hazırladığı suda üzən döyüş maşını "Samur" dünya ordusunun diqqətini çəkib.
ANS PRESS-in "Milliyet" qəzetinə istinadən məlumatına görə, dünya ordusu Türkiyə istehsalı olan çaylardan keçməyi asanlaşdıran "Samur" döyüş maşını ilə maraqlanmağa başlayıb.
Türkiyə Silahlı Qüvvələri tərəfindən 2011-ci ildə alınaraq orduya cəlb edilən döyüş texnikası üzərində daşıdığı yüklə istənilən su maneəsini keçməyə qadirdir. O, həm suda, həm də quruda hərəkət edə bilir.
Təxminən 13 metr uzunluğu, 36 ton çəkisi olan bu vasitə qurudakı hər hansısa bir tankı çox qısa müddətdə üzərinə alaraq qarşı tərəfə keçirə bilməsi ilə yanaşı, bir neçə metr uzunluqda bir-birinə bağlanan körpü kimi də istifadə oluna bilir.
"Samur"un sürücü kabinəsi bioloji, kimyəvi, radioloji və nüvə qoruma xüsusiyyətinə malikdir. Gecəgörmə kameraları zülmət qaranlıqda da hərəkət etmək imkanı verir.
Qeyd edək ki, bir çox ölkələrdə buna bənzər döyüş texnikaları olsa da, eynilə bunun kimisi yoxdur. Bu səbəbdən də bəzi ölkələr hərbi qüvvələrinə bu texnikanı cəlb etmək üçün Türkiyə rəsmilərilə danışıqlara girir.