Türkiyənin prezidenti məhkum oluna bilməz
18 May 2009 Bazar Ertəsi 22:40
Bu açıqlamanı Türkiyənin Prezident Aparatı olan Çankaya köşkünün mətbuat mərkəzi verib

 

"Türkiyənin prezidenti vətənə xəyanət xaricində heç bir cinayətə görə mühakimə oluna bilməz". ANS PRESS-in "CNN Türk"ə istinadən verdiyi xəbərə görə, bunu, Türkiyənin Prezident Aparatı hesab olunan Çankaya köşkünün mətbuat mərkəzi ölkə prezidenti Abdulla Gülün mühakimə olunması üçün çıxarılan məhkəmə qərarına qarşı verdiyi yazılı açıqlamada bildirib.

Açıqlamada, prezident Abdulla Gülün məhkum olmadığı və mühakimə edilmədiyi iddiaya görə şübhəli şəxs kimi göstərilməsinin xoşməramlı bir addım olmadığı bildirilib. Çankaya köşkünün mətbuat mərkəzi həmçinin, ölkə prezidentlərinin toxunulmaz olduğunun və vətənə xəyanət xaricində heç bir cinayətlə mühakimə edilməsinin mümkün olmadığının Konstitusiya ilə sabit olduğunu vurğulayıb.

Xatırladaq ki, Sincan 1-ci Ağır Cinayətlər Məhkəməsi, "İtmiş trilyonlar" iddiası ilə ölkə prezidenti Abdulla Gülün "sənəddə saxtakarlıq" cinayəti ilə mühakimə olunması istiqamətində qərar verib. Söhbət 1990-cı illərdə Rifah Partiyasının hakimiyyəti zamanı 1 trilyon türk lirəsinin mənimsənilməsi ilə bağlı cinayət araşdırmasından gedir. Daha öncə deputat kimi toxunulmazlıq hüququ olduğundan, məhkəmələr Abdulla Gülün məhkəməyə cəlb edilməsini qəbul etməmişdilər. Amma bu gün məhkəmə ilk dəfə Türkiyə prezidentinin məhkəməyə cavabdeh qismində cəlb edilməsinə qərar verib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar