Türkiyənin nüfuzlu KİV təmsilçiləri İrəvana səfər edəcəklər
17 Dekabr 2009 Cümə Axşamı 10:20
Türkiyənin nüfuzlu KİV təmsilçiləri İrəvana səfər edəcəklər. Səfər 17-20 dekabr tarixlərində baş tutacaq.
“Avrasiya-əməkdaşlıq” Fondu Qlobal Siyasi Tendensiyalar Mərkəzi (GPOT, Trükiyə) ilə birgə İrəvanda erməni və türk jurnalistlərinin görüşünü təşkil edəcək.
Fonddan verilən məlumata görə, görüş 17-20 dekabr tarixlərində baş tutacaq. Tədbir Norveç hökuməti və USAİD tərəfindən maliyyələşdirilir.
Görüşdə bir sıra iri Türkiyə KİV nümayəndələri iştirak edəcək: CNN Türk, NTV telekanalları, "Milliyet", "Sabah", "Hürriyyet", "Cumhuriyyet" və "Axşam" qəzetləri.
Tədbir “Avrasiya əməkdaşlıq” fonunun Türkiyə və erməni mətbuatında qərəzsizliyin səviyyəsinin artırılması layihəsinin bir hissəsidir. Məqsəd isə ikitərəfli münasibətlərin işıqlandırılmasının keyfiyyətini və gerçəkliyini artıraraq xalqlar arasında qarşılıqlı anlaşma mühitinin artırılmasıdır.
Qeyd edək ki, erməni və türk jurnalistlər ilk dəfə 13-14 oktyabr tarixlərində Türkiyənin Bursa şəhərində görüşüblər. Görüşdə bu layihə çərçivəsində birgə aparılan tədqiqatın nəticələri müzakirə edilib.
Bundan başqa, iki ölkənin KİV nümayəndələri Türkiyə-Ermənistan münasibətlərinin hazırkı vəziyyətini, münasibətlərin normallaşma prosesini, həmçinin KİV-lərin bu prosesə müsbət təsiri yollarını müzakirə ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: