Türkiyənin Fransadakı səfiri erməni Daron Əcəmoğlu olacaq
29 Mart 2011 Çərşənbə Axşamı 10:26
“Bütün qonşularımız dostlarımızdır, Ermənistan isə potensial dostumuzdur”. APA-nın məlumatına görə, bu bəyanatla Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib.
Britaniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə “Wilton Park”da “Müasir dünyada Türkiyənin siyasəti” mövzusunda çıxış edən Əhməd Davudoğlu daha bir sensasion bəyanatla çıxış edib. XİN başçısı bildirib ki, Türkiyə yaxın aylar ərzində Fransaya milliyətcə erməni olan səfir göndərəcək. Onun sözlərinə görə, Fransaya səfir təyin ediləcək şəxs erməni əsilli türk alimi, dünyanın məşhur iqtisadçılarından Daron Əcəmoğludur. Artıq yeni səfirin namizədliyi baş nazir Ərdoğan və prezident Abdullah Güllə razılaşdırılıb. Yeni səfirin nazirlikdən 3 ay müddət istəməsinə səbəb isə iqtisadiyyata dair yeni araşdırmasını başa çatdırmamasıdır.
Xatırladaq ki, Fransaya səfir göndəriləcək erməni əsilli Daron Əcəmoğlu 1967-ci ildə İstanbulda müəllim ailəsində anadan olub. İngiltərənin York Universitetində və London İqtisadiyyat Məktəbində təhsil alıb. Massaçusets Texnologiya İnstitutunda iqtisadiyyat kafedrasının müdiridir. Daron Əcəmoğlu iqtisadiyyat sahəsində araşdırmalara görə iki dəfə Nobel mükafatına namizəd olsa da, bu mükafatı qazana bilməyib.
DOSTLARINLA PAYLAŞ: