Dənizçinin sevgisindən bəhs edən mahnının müəllifi Can Bonomo özüdür
Türkiyənin may ayında Azərbaycanda keçiriləcək “Eurovision-2012” müsabiqəsində ifa edəcəyi mahnı açıqlanıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Can Bonomonun Bakı səhnəsində ifa edəcəyi mahnının təqdimatı ötən gün olub. İngilis dilində olan və “Love me back” adlanan mahnının söz və musiqisi Can Bonomonun özünə aiddir. Mahnı bir dənizçinin sevgisindən bəhs edir.
Can Bonomo mahnısının ərsəyə gəlməsində şair Cahit Külebinin Atatürkün xatirəsinə ithaf etdiyi şeirin təsirinin olduğunu bildirib.
Eurovision.az saytının məlumatına görə, müğənni mahnısına tezliklə klip çəkilişlərinə başlayacağını bildirib. O, istər klip, istərsə də xareoqrafiya hazırlıqlarında özünəməxsus üslubdan kənara çıxmayacağını da qeyd edib. Can Bonomo öz tərzini saxlamaqla, Türkiyəni Eurovision 2012-də yüksək səviyyədə təmsil edəcəyinə söz verib.
Can Bonomo çox həyəcanlı olduğunu və mahnısının hər kəs tərəfindən bəyəniləcəyinə inandığını vurğulayıb.