Türkiyənin birinci xanımı ölümdən döndü
12 Mart 2011 Şənbə 14:31
Hayrünnisa Gülün sürücüsü sükan arxasında huşunu itirib
Türkiyənin birinci xanımı, prezident Abdullah Gülün həyat yoldaşı Hayrünnisa Gül ölümdən dönüb. ANS PRESS-in "CNN Türk"ə istinadən verdiyi məlumata görə, hadisə ötən həftə Esenboğa hava limanında qeydə alınıb. Qəzaya səbəb isə birinci xanımın avtomobilinin sürücüsünün sükan arxasında huşunu itirməsi olub.
Belə ki, Hayrünnisa Gül mart ayının 3-də saat 21:00-da İstanbula gəlmək üçün hava limanına gedib. Mənzil başına 3 km məsafə qalanda içərisində xanım Güldən əlavə, şəxsi mühafizəçi və özəl katibə olan "Mercedes" markalı avtomobilin sürücünün mədəsində qanaxma baş verib və o, huşunu itirib.
Sürücünün ayağı bu vaxt qaz pedalında olduğu üçün saatda 90 km sürətlə hərəkət edən avtomobil yolda nizamsız hərəkətlər etməyə başlayıb. Xüsusi təlim alan mühafizəçi soyuqqanlılıq nümayiş etdirərək bir yandan avtomobilin dərəyə yuvarlanmasının qarşısını almağa çalışıb, digər tərəfdən isə mühafizəçilərə məlumat verib.
Öncə arxadakı maşınlardan biri birinci xanımın avtomobilinə yaxınlaşaraq vəziyyəti dəyərləndirib. Daha sonra başqa bir mühafizəçi öz maşını ilə qəza vəziyyətində olan avtomobilin qarşısını kəsib. Mühafizəçi H.Gülün olduğu avtomobili 3 dəfə qarşıdakı avtomobilə yüngülcə vurandan sonra saxlaya bilib.
Xidməti "Mercedes" dayanandan sonra sürücü dərhal xəstəxanaya, H.Gül isə hava limanına aparılıb.
H.Gül həmin gün Misirdən İstanbula qayıdan və eyni anda hava limanında olan Türkiyə prezidenti Abdullah Gülə baş verənləri danışıb. A.Gül eşitdiklərindən sonra mühafizə rəhbərini təbrik edib. "Belə bir mühafizə komandasına sahib olduğum üçün çox qürur duyuram", deyə dövlət başçısı bildirib.
DOSTLARINLA PAYLAŞ: