Türkiyəli jurnalist Ermənistanı başa saldı
17 Dekabr 2009 Cümə Axşamı 18:05
Türkiyəli jurnalist Ermənistanı başa saldı; "Türkiyə Qarabağ münaqişəsinin həllində inkişaf qeydə alınmasa, protokolları ratifikasiya etməyəcək"
“Türkiyə Qarabağ münaqişəsinin həllində inkişaf qeydə alınmasa, protokolları ratifikasiya etməyəcək. Ankaranın mövqeyində hələ ki, heç bir dəyişiklik yoxdur”, bunu İrəvanda erməni həmkarları ilə görüşdə Türkiyədə dərc olunan “Milliyyet” qəzetinin şərhçisi Kadri Gürsel bildirib. O qeyd edib ki, əgər Qarabağ məsələsində heç bir dəyişiklik olmasa, protokolların ratifikasiyası çətinləşəcək.
CNN Türk telekanalının informasiya bölməsinin rəhbəri Fərhad Boratav isə bildirib ki, Türkiyə və Ermənistan "tanqo oynayan cütlük deyil". “Bu rəqsdə Türkiyə, Ermənistan, ABŞ Rusiya və Azərbaycan da iştirak edir”, deyə o vurğulayıb.
“Heç kəs Azərbaycanın bu cür müqavimət göstərəcəyini gözləmirdi. Heç kəs həmçinin Azərbaycanın Şərq-Qərb enerji oyununda da təzyiq göstərəcəyini gözləmirdi. Türkiyənin çətin vəziyyətə düşməsinin səbəbi budur”, deyə o əlavə edib.
Xatırladaq ki, bu gün “Avrasiya-əməkdaşlıq” Fondu Qlobal Siyasi Tendensiyalar Mərkəzi (GPOT, Türkiyə) ilə birgə İrəvanda erməni və türk jurnalistlərinin görüşünü təşkil edib. Tədbir Norveç hökuməti və USAİD tərəfindən maliyyələşdirilir. Görüşdə bir sıra iri Türkiyə KİV nümayəndələri iştirak edir: CNN Türk, NTV telekanalları, "Milliyet", "Sabah", "Hürriyyet", "Cumhuriyyet" və "Axşam" qəzetləri. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: