"Eurovision 2011" mahnı müsabiqəsinin qalibi olan Azərbaycan təmsilçisi Nigar Camalın səhnəyə Türkiyə bayrağı ilə çıxmasına qardaş ölkədən cavab gəlib. Belə ki, ötən gün "Kral TV" musiqi mükafatalarının təqdimetmə mərasiminə qatılan türk müğənnilərdən biri tədbirə Nigar Camalın jestinə cavab olaraq Azərbaycan bayrağı ilə gəlib.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Faruk K-nin əlində tutduğu bayrağın bir üzündə Azərbaycan, digər üzündə isə Türkiyə bayrağının əksi olub. Sənətçi müsabiqənin final günü Azərbaycan təmsilçilərinin səsvermə başlayandan qalibiyyət elan edilənə kimi əllərində türk bayrağı tutmasının qürurverici hadisə olduğunu deyib.
"Onlar bizi bununla şərəfləndirdilər. Mən də bu gecəyə özəl olaraq Azərbaycan və Türkiyə bayraqlarını birləşdirərək onlara təşəkkür etmək istədim", deyə müğənni bildirib.