Filippində isə “Bofa” qasırğasının qurbanlarının sayı 200-ü ötüb
Türkiyənin bir sıra vilayətlərində qışın ilk qarı yağıb və bununla əlaqədar yollarda nəqliyyatin hərəkəti iflic olub. Aksaray şəhərində əsas magistral yol bağlanıb, şəhərlərarası marşrut avtobusları və yük maşınları yollarda qalıb. Gecə şəhərdə nəqliyyatın hərəkəti qeyri-mümkün olub, çovğun xilasedicilərin işini çətinləşdirib. Sürücülər saatlarla yollarda gözləməli olublar.
Qars vilayətində də temperatur mənfi 9 dərəcəyədək düşüb.
Karabükdə qar və soyuq hava yolların buzlaşmasına səbəb olub. Buzlaşma səbəbindən yol-nəqliyyat hadisələrinin sayının artması şəhər yollarının bir neçəsinin bağlanmasına gətirib çıxarıb.
Ərzurumda da qarın yağması yol-nəqliyyat hadisələrini artırıb. Yollarda buzlaşmanın qarşısını almaq üçün tədbirlər görülür.
Filippində isə “Bofa” qasırğasının qurbanlarının sayı 200-ü ötüb. Daha 20 nəfər isə itkin hesab edilir. “Bofa” son 20 ildə Filippindən keçən ən güclü qasırğa olub. Ölkənin ən böyük adası olan Mindanaoda elektrik təchizatı və əlaqə kəsilib. Ölkə əhalisinin ¼ işıqsız qalıb. Ölkənin Milli Mülki Müdafiə Xidmətinin məlumatına görə, müvəqqəti sığınacaqlarda yerləşdirilən zərərçəkmişlərin sayı 107 000-ə çatıb. Ümumilikdə isə təbii fəlakətdən 120 000-dən çox filippinli zərər çəkib. Dağılmış evlərin sayını dəqiqləşdirmək isə hələlik mümkün olmur.