Türkiyədə qəzada ölənlərin yaxınlarına Rusiya dövləti hər cür yardımı göstərəcək
26 May 2010 Çərşənbə 06:35
Prezident Medvedev həlak olanların yaxınlarına yardım edilməsi və meyidlərin Rusiyaya gətirilməsinə dair müvafiq göstərişlər verib.
Rusiya prezident Dmitri Medvedev Xarici işlər, Səhiyyə, Sosial inkişaf və Fövqaladə hallar nazirliyinə ötən gün Türkiyənin Antalya bölgəsində rusiyalı turistlərin olduğu avtobus qəzasında həlak olanların yaxınlarına hər cür köməyin göstərilməsi və meyidlərin Rusiyaya gətirilməsinə dair müvafiq göstərişlər verib. Antalyada eniş edən təyyarədəki həkim qrupunun rəhbərinin sözlərinə görə, onların əsas vəzifəsi yaralıların hansı vəziyyətdə olmasını müəyənləşdirmək olacaq. Rusiyanın xarici işlər naziri Serqey Lavrov türkiyəli həmkarı Əhməd Davutoğlu ilə telefon danışığında turistlərin Türkiyədə qalmasının təhlükəsizliyinə dair tədbirlərin görülməsinin və turoperatorların turistlərin həyatına görə məsuliyyətinin artırılmasının vacibliyini vurğulayıb. Türkiyəli nazir isə Antalyada baş vermiş avtobus qəzasında həlak olanların ailələrinə başsağlığı verib.
Xatırladaq ki, ötən gün Antalya Aksu qəsəbəsində turistləri daşıyan avtobusun 15 metr yüksəklikdən çaya yuvarlanması nəticəsində 16 nəfər ölüb, 25 nəfər yaralanıb. Ölən və yaralananların hamısının Rusiya vətəndaşı olduğu bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: