Türkiyədə qar zəncirvari qəzalara səbəb olub
15 Yanvar 2012 Bazar 10:25
Sakarya və Bursada avtomobillər yolda qalıb.
Türkiyənin bir sıra şəhərlərində qar yağması ciddi fəsadlara yol açıb. İstanbulun Tuzla bölgəsində yolların həddindən artıq buzlaşması zəncirvari qəzaya səbəb olub. 2-si təcili tibbi yardım maşını, 1-i polis avtomobili olmaqla, 14 nəqliyyat vasitəsi toqquşub. Təcili tibbi yardım maşınları yolda ilk qəzaya uğrayan avtomobildəkilərin köməyinə gedərkən digər avtomobillərlə toqquşub. Zəncirvari qəzada 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Qəzadan sonra yolda meydana gələn tıxacın uzunluğu 5 kilometrə çatıb. Faktla bağlı araşdırmalara başlanıb.

Türkiyənin Sakarya şəhərində də güclü qar avtomobillərin yollarda qalmasına səbəb olub. Sapanca qəsəbəsində avtomobilləri qara batan 10 nəfər bələdiyyə işçiləri tərəfindən xilas edilib. Xilas edilənlər 2 saat qarın içində yardım gözləyiblər. Şəhər rəhbərliyi sürücülərə zəncirsiz yola çıxmamağı məsləhət görüb.

Bursa şəhərində isə güclü qar səbəbilə yollarda qalan avtomobillər traktorlar vasitəsilə qardan çıxarılıb. Bölgənin ən mühüm qış turizmi mərkəzi olan Uludağda isə turistlər qarın dadını çıxarıblar. Lakin turist axını burada nəqliyyatın axsamasına səbəb olub. Uludağa aparan yolda qalan bir avtobus traktor vasitəsilə qardan çıxarılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar