Türkiyədə PKK-ya qarşı bu gün yeni əməliyyat başlayıb
13 Avqust 2010 Cümə 23:20
ABŞ isə Türkiyə tərəfinə “PKK ortaq düşmənimizdir və bu təşkilata qarşı birgə mübarizə aparmalıyıq” mesajını verib.
Türkiyədə PKK terorçularına qarşı bu gün yeni əməliyyat başlayıb. Buna səbəb ötən gecə Hakkarinin Yüksəova qəsəbəsində PKK silahlılarının bu ərazidən keçən 15 əsgərdən ibarət qrupa hücüm etmələridir. PKK terrorçuları əsgərləri müxtəlif çaplı silahlardan atəşə tutublar. Nəticədə 1-i ağır olmaqla 5 əsgər yaralanıb. Yaralılar hadisə yerinə gələn təcili tibbi yardım maşınları ilə Yüksəkova xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan bir əsgər isə helikopterlə Vana göndərilib.
Yüksəkovadakı qarşıdurmadan dərhal sonra Hakkarinin mərkəzində 10-15 dəqiqə müddətində atışma səsləri eşidilib. Hadisə yerinə gələn silahlı qüvvələr bütün qəsəbəni mühasirəyə alıb. Bölgəyə giriş-çıxış məhdudlaşıb. PKK-çıların hücümündan dərhal sonra başlayan əməliyyata quru qoşunları ilə yanaşı zirehli texnika və helikopterlər də cəlb edilib. PKK silahlılarının olduğu ehtimal edilən yerlərə havadan zərbələr endirilib.
Toqquşmalar Hakkaridə siyasi gərginliyin artması ilə müşayiət olunub. Bir qrup PKK tərəfdarı mitinq keçirməyə cəhd göstəriblər. Polis gözyaşardıcı qazdan istifadə etməklə aksiyanı dağıtmağa çalışıb. Nəticədə polislə aksiya iştirakçıları arasında toqquşma qeydə alınıb.
Qeyd edək ki, Hakkaridə siyasi vəziyyət artıq bir neçə gün idi ki, gərginləşmişdi. Bölgədə Barış və Demokratiya Partiyasının təşkilatçılığı ilə mütəmadi keçirilən aksiyalarda “Demokratik azadlıq haqlarımız xeyirli olsun” şüarları səsləndirilirdi. Bu arada “CNN Türk” kanalının yaydığı məlumata görə, Birləşmiş Ştatlarda dövlət katibi Hillari Klintonun sədrliyi ilə PKK ilə mübarizəyə dair qapalı toplantı keçirilib. Telekanalın məlumatına görə, Birləşmiş Ştatların Dövlət Departamenti Türkiyə tərəfinə “PKK ortaq düşmənimizdir və bu təşkilata qarşı birgə mübarizə aparmalıyıq” mesajını verib. Toplantıda aparılan müzakirələrin detalları isə hələlik açıqlanmır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: