Türkiyədə parlament seçkisi təkrarlana bilər
23 İyun 2011 Cümə Axşamı 03:43
Məclisdə 550 millət vəkilinin 5 faizi istefa verərsə seçkinin təkrarlanması gündəmə gələ bilər.
Türkiyədə iyunun 12-də baş tutan parlament seçkisi yenidən keçirilə bilər. Bu məlumatı dünyanın məşhur xəbər mərkəzlərindən biri olan “Reuters” agentliyi yayıb. Agentlik hesab edir ki, BDP (Barış və Demokratiya Partiyası) yeni məclisi boykot edərsə seçki təkrarlana bilər. Boykotun səbəbi isə Diyarbəkirdən müstəqil seçilən, PKK terror təşkilatının dəstəkçisi Hatib Diclənin millət vəkilliyinin Ali Seçki Şurası tərəfindən ləğv olunmasıdır.
“Türkiyə kürd millət vəkillərinin məclisi boykot etməsi ilə qarşılaşa bilər. Məclisdə 28-dən çox millət vəkili və ya 550 millət vəkilinin 5 faizi istefa verərsə seçkinin təkrarlanması gündəmə gələ bilər”.
“Reuters” həmçinin Hatib Diclənin yerinə AKP-li (Hakim Ədalət və İnkişaf Partiyası) namizədin millət vəkili ola biləcəyini yazıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: