Türkiyədə Nabukko çərçivəsində BOTAŞ dövlət şirkətinin nəzdində yeni bir operator şirkət yaradılacaq. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib ki, hazırda mərkəzi Vyanada olan “Nabukko İnternational Corporation” layihə ilə bağlı yeganə strukturdur. Lakin yaxın aylarda 6 tərəfdaş dövlətin hər birində ayrıca şirkət yaradılacaq.
Türkiyənin yeni şirkəti Avropa Yenidənqurma və İnkişaf Bankından kredit də alacaq. Şirkətlər Avropa İttifaqının hüquq normaları çərçivəsində fəaliyyət göstərəcəklər. BOTAŞ şirkəti də kəmərin Türkiyə hissəsinə sərmayələr qoyacaq. Nabukko ilə ilk qazın nəqli 2014-2015-ci illərdə mümkün olacaq.
Taner Yıldızın sözlərinə görə, Nabukko qaz kəmərinin doldurulması üçün Ankarada keçirilən imzalanma mərasimində İraq və Suriyanın bəyanatları və mərasim ərəfəsində Türkmənistanın vədləri olduqca mühümdür. Lakin Türkiyə bu kəmərin özünü doğrultmayacağı təqdirdə belə heç nə itirmir. Çünki bu bir kommersiya layihəsidir və baş tutarsa Ankaranın, tranzit xərcləri istisna olmaqla, xalis gəliri 4,2 milyard avro olacaq. Türkiyə həm sərmayə prosesi, həm də kəmərin fəaliyyətə başlayacağı müddətdə böyük qazanc əldə edəcək.
Türkiyəli nazir onu da əlavə edib ki, Rusiyanın həyata keçirəcəyi “Cənub axın” qaz kəməri layihəsi ilə bağlı əsas danışıqlar avqustun əvvəlində Rusiya Baş nazirinin Ankarada türkiyəli həmkarı ilə keçirəcəyi görüşdə olacaq. Bu kəmərin bir hissəsi Qara dənizin Türkiyəyə məxsus olan hissəsindən keçəcək. /AzərTac/