Türkiyənin Muğla bölgəsinin Marmaris rayonunda əsasən xarici vətəndaşların qaldığı "Anastasiya" mehmanxanasında yanğın baş verib. "İhlas" xəbər agentliyinin yaydığı məlumata görə, hadisə nəticəsində 7 ingilis və bir Türkiyə vətəndaşı yüngül xəsarətlər alıb. Yanğın baş verən zaman otelin daxilində qatı duman yaranıb, buna görə də, bəzi müştərilər öz otaqlarından çıxa bilməyib. Dərhal yanğınsöndürmə briqadası əraziyə cəlb olunub. Otaqlarıdan çıxa bilməyən Böyük Britaniya vətəndaşları nərdivanların köməkliyi ilə xilas edilib. Oteldə qalanların sözlərinə görə, yanğınsöndürənlər vaxtında gələrək onların köməyinə çatıb və vəziyyəti nəzarət altına alıb.
Yanğının otelin saunasında baş vermiş partlayış nəticəsində başladığı ehtimal edilir. Faktla bağlı təhqiqat aparılır./ANS PRESS/