Türkiyədə keçirilən bələdiyyə seçkisinin ilkin nəticələri bəllidir
30 Mart 2009 Bazar Ertəsi 11:10
Səsvermədə Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası qalib gəlib

 

Türkiyədə keçirilən bələdiyyə seçkisinin ilkin nəticələri artıq bəllidir. Nəticələrə görə, Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası öndədir. Bülletenlərin 80 faizinin hesablanması nəticəsində məlum olub ki, Ədalət və İnkişaf Partiyasına seçicilərin 39,1 faizi səs verib. İkinci yerdə seçicilərin 25,8 faiz səsini qazanan Cumhuriyyət Xalq Partiyası, üçüncü yerdə isə 16,3 faizlə Millətçi Hərəkat Partiyası gəlir. İstanbulda hakim partiyanın namizədi Kadir Topbaş 43,8 faiz, partiyanın Ankaradakı namizədi Məlik Gökçek isə 37,5 faiz səs toplaya bilib.

Türkiyədə yerli idarə orqanlarına keçirilən seçki zamanı baş verən toqquşmalar tələfatsız ötüşməyib. Son məlumatlara görə, seçki zamanı baş verən toqquşmalar nəticəsində ölənlərin sayı 6-ya, yaralıların sayı isə 93-ə çatıb. Ən böyük insident isə Şanlıurfa şəhərində baş verib. Burada baş verən iki ayrı toqquşmada 3 siyasi partiyanın tərəfdarları iştirak edib və odlu silahlardan istifadə edilib. Digər toqquşmalar isə Diyarbəkır, İqdır, Qars, Van və s. şəhərlərdə qeydə alınıb.

Qeyd edək ki, Türkiyədə 48 milyon 6 min 650 səsvermə hüququ olan ölkə vətəndaşının səsverməsi üçün 177 min 50 məntəqə təşkil edilib. Seçkidə 16 böyükşəhər, 65 vilayət, 892 bölgə bələdiyyə sədrini, 1974 kiçik bələdiyyələr üzrə rəhbəri, 52 min 765 məhəllə və kənd muxtarını, 3 min 284 bələdiyyə şurası üzvünü, eləcə də 33 min 868 bələdiyyə məclisi üzvü seçiləcək. Bütövlükdə bələdiyyə seçkisində Türkiyənin 19 siyasi partiyası iştirak edib. /ANS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar