İlkin ehtimala görə, məsələ saxta pul söhbəti ucbatından baş verib.
Türkiyə İstanbul şəhərindəki çayxanalardan birində baş vermiş silahlı hücum nəticəsində 2 nəfər ölüb. ANS PRESS “Doğan” agentliyinə (DHA) istinadən xəbər verir ki, hadisə Bahçelievler rayonu, Yenibosna məhəlləsi, Mahmudbəy prospektində baş verib. Məlumata görə, Mahmudbəy 197 ünvanına avtomobillə yaxınlaşan naməlum şəxslər bu ünvanda yerləşən çayxanaya silahdan atəş açıblar. Hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal yaxınlıqda olan xəstəxanalara çatdırılıb.
Polis və hüquq-mühafizə orqanları hadisənin baş verdiyi yerdə faktla bağlı araşdırmalara başlayıb. İlkin ehtimala görə, məsələ saxta pul söhbəti ucbatından baş verib. Hadisəni törədərək qaçan şəxslərin yaxalanması üçün əməliyyatlar davam edir.