Türkiyədə bələdiyyə seçkilərində səsvermə başa çatıb
30 Mart 2014 Bazar 20:29
Türkiyədə saat 07:00-dan etibarən başlayan səsvermə başa çatıb.
 ANS PRESS-in məlumatına görə, yerli vaxtla saat 16:00-da ölkədə fəaliyyət göstərən bütün seçki məntəqələrində səsvermə dayandırılıb.

Türkiyə Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrinin yerli vaxtla saat 21:00-dan sonra açıqlanacağını bildirsə də, nəticələrin qeyd edilən vaxtdan tez baş verə biləcəyini də istisna etməyib.

Xatırladaq ki, Türkiyədə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 695 831 nəfərdir. Onlardan 26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri isə kişidir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılacaq. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edir.

Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunacaq. Bələdiyyə seçkilərində 26 siyasi partiyanın iştirak etməsinə baxmayaraq, əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri arasında gedəcəyi gözlənilir.

Onu da bildirək ki, Türkiyədə seçkilər günü yerli vaxtla saat 06:00-dan 24:00-dək mağaza, kafe və restoranlarda spirtli içkilərin satışı və qəbulu qadağan olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar