Türkiyə xalqının demokratiya sevdası
27 Fevral 2010 Şənbə 21:50
Qonşu dövlətdə ciddi hüquqi problemlər yaşanır
“Balyoz planı” əsasında Türkiyədə həbs edilən istefada olan keçmiş ordu və xüsusi təlim hissələrinin komandirlərinin məhkəmə prosesi keçirilib. Ölkədə yaranan bu vəziyyət siyasətçilər və hərbçilər arasında fikir ayrılığına da gətirib çıxarıb.

Türkiyədə “Balyoz planı” adlı hərbi çevriliş hazırlama iddiası ilə bağlı aparılan həbslərin yeni dalğası başlayıb. Saxlanılan istefada olan iki generalın artıq məhkəməsi olub. Onlar iqtidarı güc yolu ilə devirməyə təşəbbüs göstərməkdə günahlandırılaraq həbs ediliblər. Çətin Doğanın vəkili Cəlal Ülgen bu qərarı kəskin şəkildə pisləyib və generallara qarşı irəli sürülən ittihamların sübuta yetirilmədiyini bəyan edib. “Türkiyədə hüquq ciddi şəkildə təhlükə altındadır. Bütün xalqın demokratiya sevdası ilə Türkiyə mütləq aydın günlərə çıxacaq”,-deyə o bildirib. Vəkil hadisələrin necə cərəyan edəcəyi ilə bağlı suala cavab olaraq bildirib ki, mübarizə indi başlayır.

Qeyd edək ki, bu həbslər Ergenekon işinin istintaqının növbəti bir hissəsi kimi qiymətləndirilir. Ötən gün isə daha 18 hərbçi ölkənin 13 müxtəlif şəhərlərində həbs edilərək İstanbula gətirilib. Rəsmi məlumatlara görə, bu həftə ərzində Türkiyədə ümumilikdə 67 hərbçi saxlanılıb. İstintaq zamanı isə ümumilikdə 100-dən çox hərbçi dindirilib. Ölkədə yaranan vəziyyət siyasətçilər və hərbçilər arasında kəskin mübahisələrə səbəb olub. Müxalifət vaxtından əvvəl seçkilərin keçirilməsini tələb edib. Lakin baş nazir Rəcəb Tayyib Ərdoğan bu təklifi rədd edib. Ərdoğan müxalifəti qanunun aliliyinə hörmət etməyə və məhkəmələrə öz səlahiyyətlərinin icra edilməsi üçün imkan yaratmağa çağırıb. Türkiyə prezidenti Abdulla Gül isə bəyan edib ki, baş qərargah rəisi İlkər Başbuğla siyasi rəhbərliyin baş tutan görüşü faydalı olub və bu görüşdə ölkədəki vəziyyət ciddi müzakirə olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar