Türkiyə və Ermənistan protokolları imzalanacaq
16 Sentyabr 2009 Çərşənbə 05:35
Əhməd Davudoğlu Dəniz Baykala bildirib ki, Azərbaycan əraziləri işğaldan azad edilməmiş sənədlər Türkiyə Böyük Millət Məclisində təsdiqlənməyəcək
Türkiyə və Ermənistan arasında “Diplomatik münasibətlərin qurulması barədə” və “İkitərəfli əlaqələrin inkişafı barədə” protokolar oktyabrın 13-də imzalanacaq. ANS PRESS, "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, bunu ötən gün Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşən müxalifət lideri Dəniz Baykal deyib. Onun sözlərinə görə, məlumatı nazirdən alıb. Qeyd edək ki, bu, 1921-ci ildə imzalanmış Qars müqaviləsinin 88-ci ildönümünə təsadüf edir. Əhməd Davudoğlu müxalifət lideri ilə söhbətində maraqlı açıqlamalar verib. Dəniz Baykal bildirib ki, nazir işğal altındakı Azərbaycan əraziləri işğaldan azad edilmədən protkolların Türkiyə Böyük Millət Məclisində təsdiqlənməyəcəyini proqnozlaşdırıb: “Sənədləri imzalayacağıq, amma Məslis qəbul etməyəcək. Onlar nə vaxt Azərbaycanın işğal altındakı 7 rayonunu boşaldarlar, işğala son qoyarlar, o vaxt protokllar TBMM-də təsdiqlənəcək. Bunun üçün müsbət işarələr almışıq”.
Qeyd edək ki, Türkiyə və Ermənistan futbol millilərinin qarşılaşması oktyabrın 14-də keçiriləcək. Həmin oyuna Ermənistan prezidenti Serj Sarkisyanın da tamaşa edəcəyi gözlənilir. Elə bu səbəbdən də xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan oyundan bir gün əvvəl protokolları imzalamaq niyyətindədirlər.
Xatırladaq ki, avqustun 31-də Ermənistan və Türkiyə xarici işlər nazirlikləri İsveçrənin vasitəçiliyi ilə “Diplomatik münasibətlərin qurulması barədə Protokol” və “İkitərəfli əlaqələrin inkişafı barədə Protokol” ətrafında məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər. Siyasi məsləhətləşmələr altı həftə ərzində başa çatmalı və razılaşdırılmış sənəd iki ölkə parlamentinin müzakirəsinə verilməlidir. Tərəflər dövlət sərhədlərinin protokollar qüvvəyə minəndən sonra iki ay ərzində açılması barədə razılığa gəliblər.
DOSTLARINLA PAYLAŞ: