Türkiyə təyyarəsinin vurulmasının təfərrüatları müəyyənləşdi
07 İyul 2012 Şənbə 12:47
Qırıcıya atəş açılan nöqtə və əmri verən mərkəz müəyyən edilib.
Ankara türk kəşfiyyat qırıcı təyyarəsinin vurulması ilə bağlı yeni məlumatlar tapıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, təyyarəyə atəş açılan nöqtə və əmri verən mərkəz müəyyən edilib.
İki pilotun şəhid olması ilə nəticələnən, Suriya ilə Türkiyə arasında gərginliyi daha da artıran təyyarəyə atəş açılan nöqtənin Suriyadakı Ras al-Bassit burnundaki "Al Bassit" raket və təyyarəvuran bölük olduğu müəyyənləşib. Bölüyə vur əmri isə Homsdakı bölgə savaş hərəkat mərkəzindən verilib.
Türkiyə mətbuatı hadisə anında ratsiya danışıqlarının bir hissəsi yayımlayıb. Danışıqlara əsasən hadisə belə baş verib:
RF-4E tipli türk təyyarəsi iyunun 22-də qısa müddətliyinə Suriya hava sərhəddinə daxil olub. Suriyalı əsgərlər şübhəli təyyarə barədə mərkəzə məlumat verirlər. Mərkəzdən isə onlara "siz hava sərhədimizi pozan xarici təyyarələrə nə edəcəyinizi bilməlisiniz" deyə cavab verilir.
Qısa müddətdən sonra atəş açılır və təyyarə vurulur. Bu barədə "Al Bassit" bölüyünə məruzə edilir. Vurulan təyyarənin isə Türkiyəyə məxsus olduğu sonradan məlum olub.
Bütün bu danışıqları Ankara öz imkanları ilə müəyyən edib. Bütün bunlara baxmayaraq ratsiya danışıqlarından təyyarənin nə ilə vurulduğu bilinmir.
DOSTLARINLA PAYLAŞ: