"Türkiyə terrorçularla heç bir danışığa getməyəcək". ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bunu Lənkəran şəhərində səfərdə olan Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç jurnalistlərə açıqlamasında bildirib.
"Türkiyə böyuk bir dövlətdir. Terrorçularla dialoq olmaz. Terror insanlığa qarşı cinayətdir. Belə niyyətli insanlarla danışığa getmək olmaz. Heç bir dövlət bunu etməz", deyə səfir bəyan edib.
Qeyd edək ki, Hulusi Kılıç Lənkərandan sonra Astara rayonuna səfər edib. Bu səfər də tanışlıq xarakteri daşıyacaq.
Xatırladaq ki, PKK terror təşkilatı tələblərindən geri çəkilməyə hazır olduğunu bildirib və bunun əvəzinə Türkiyə hökuməti ilə danışıqlar tələb edir. Bu barədə «The Times»in müxbiri ilə söhbətində PKK-nin hərbi qanadının lideri Murat Karayılan bildirib.
PKK-çılar həm də kütləvi əfv və liderləri Abdulla Ocalanın həbsdən azad edilməsini tələb edirlər. PKK həm də bu danışıqlara nail olmaq üçün iyunun 1-ə kimi passiv döyüş elan edib. /ANS PRESS/