Türkiyə Suriyaya nota verib
13 Noyabr 2011 Bazar 18:24
Suriyada gərginlik gedərək artır. APA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Türkiyənin Suriyadakı səfirliyinə edilən hücundan sonra bu gün Şamdakı diplomatların ailələrinin Türkiyəyə göndərilməsi ilə bağlı qərar qəbul olunub.
Məlumata görə, hələ ki, Türkiyənin Suriyadakı səfiri Ömer Önhon ve digər diplomatlar Şamda qalacaqlar.
Artıq Şamdakı Türkiyə diplomatlarının ailələri artıq Vətənə dönüblər.
Rəsmi Ankara baş verənlərlə bağlı Suriyaya nota verib. Notada Suriyadakı səfirlik və konsulluqlarının təhlükəsizliklərinin təmin olunması, diplomatik əlaqələr haqqında Vyana Anlaşmasının tələblərinə əməl olunması tələb edilib. Həmçinin Suriya hökumətinə tezliklə hücumçuların tapılıb cəzalandırılması ilə bağlı çağırış edilib.
Qeyd edək ki, dünən Suriyanın Ərəb Dövlətləri Liqasındakı (ƏDL) üzvlüyünə son verilməsindən sonra bu ölkədə yerləşən Türkiyə, Səudiyyə Ərəbistanı, Fransa və Qətərin diplomatik nümayəndəliklərinə hücum olub.
Türkiyə Xarici İşlər Nazirliyi Şamdakı səfirliyə, Hələbdəki baş konsulluğa və Lazkiyədəki fəxri konsulluğa hücumlar edildiyini bildirib.
Türkiyə XİN həmçinin ƏDL-nın Suriya ilə bağlı qərarını dəstəklədiyini bildirib və bu qərarı “Suriyadakı durumun vahimliyini göstərən, zamanında atılmış real addım” adlandırıb.
Səudiyyə Ərəbistanının Suriyadakı konsulluğu da hücuma məruz qalıb. Hücum nəticəsində konsulluğun təhlükəsizliyini təmin edən işçilər yaralanıb, konsulluq binası daş atəşinə tutularaq, pəncərələr qırılıb.
Qətərin Suriyadakı konsulluğuna hücum edənlər isə Qətər bayrağını endirərək, yerinə Suriya bayrağını qaldırıblar.
DOSTLARINLA PAYLAŞ: