Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi dəyişir
31 İyul 2010 Şənbə 13:25
Sabah Ankarada Türkiyə Silahlı Qüvvələrinin Yüksək Əsgəri Şurasının (YAŞ) toplantısı keçiriləcək.
APA-nın Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrin Baş Qərargahında keçiriləcək toplantıya Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan da qatılacaq.

Toplantıda Türkiyə Silahlı Qüvvələrində rəhbər dəyişikliyi, həmçinin bir qrup zabitə yeni rütbə və vəzifələrin verilməsi məsələsinə baxılacaq. YAŞ-ın qərarı ilə təqaüdə çıxma müddəti çatmış bir qrup zabitin xidmət müddəti artırılacaq.

Toplantıda baxılacaq ən əsas məsələ isə Baş Qərargahın yeni rəisinin və jandarma baş komandanının təyinatıdır. Qeyd edək ki, Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ və jandarma baş komandanı, ordu generalı Atilla İşıq avqustun 30-dan xidmət müddətini başa vuraraq təqaüdə çıxır.

Türkiyə Silahlı Qüvvələrinin qüvvədə olan qanunvericilik aktlarına əsasən, Baş Qərargah rəisi postuna Quru Qoşunlarının komandanı, ordu generalı İşıq Koşanerin təyinatı gözlənilir. Koşaner bu vəzifədə təqaüdə çıxacağı müddətə qədər – yəni 3 il çalışacaq.

Şurada 35-ə yaxın general və admiralın rütbəsinin artırılması, 45 polkovnikə isə general və admiral rütbələrinin verilməsi gözlənilir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar