Türkiyə Rusiyanı qaz idxalını dayandıracağı ilə hədələdi
29 Sentyabr 2011 Cümə Axşamı 16:29
Rəsmi Ankara "mavi yanacağın" qiymətində ucuzlaşmanın baş verəcəyini gözləyir.
Əhəmiyyətli dərəcədə ucuzlaşma baş verməyəcəyi təqdirdə Türkiyə Rusiyadan qaz alınması ilə bağlı müqaviləni pozacağına dair xəbərdarlıq edib. Məlumatı “Reuters” agentliyi Türkiyənin energetika naziri Taner Yıldıza istinadən yayıb. Bunadək Türkiyə dəfələrlə Rusiyadan aldığı qazın qiymətinin aşağı salınmasının vacibliyini vurğulamışdı.

Bu ilin mart ayında Rusiya prezidenti Dmitri Medvedev və Türkiyə baş naziri RəcəbTayyib Ərdoğanın görüşündə qazın qiymətində ucuzlaşma ilə bağlı razılıq əldə olunmayıb. Sentyabr ayının əvvəllərində Türkiyə prezidenti Abdulla Gülün Moskvaya rəsmi səfəri zamanı isə dövlət başçısı qazın qiyməti ilə bağlı danışıqların hələ yekunlaşmadığışnı bəyan edib. Rəsmi Ankara Moskva ilə danışıqlarda uğurlu nəticəyə ümid etdiyini bildirmişdi.

Qeyd edək ki, Türkiyə Rusiya qazının ən iri idxalçılarından biridir. “Qazprom” Türkiyəyə qazı iki istiqamətdə ötürür. Bunlardan biri qərb istiqaməti (Ukrayna və Bolqarıstan vasitəsilə), digəri isə Qara dənizin dibi ilə “Mavi axın” kəməri ilə həyata keçirilir. Ötən il “Qazprom” Türkiyəyə 18 milyard kubmetr qaz ötürmüşdü.

Xatırladaq ki, Avropa Komissiyası bir müddət əvvəl antiinhisarçılıq araşdırmaları çərçivəsində “Qazprom”un Mərkəzi və Şərqi Avropadakı bir sıra törəmə şirkərtlərini yoxlamağa başlamışdı. “Qazprom” isə öz növbəsində Avropa Şurasının antiinhisarçılıq haqqında qanunu pozduğunu inkar etmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar