Türkiyə Rusiya ilə imzalanmış qaz müqaviləsinə xitam verib
01 Oktyabr 2011 Şənbə 18:26
Türkiyə Rusiya ilə imzalanmış qaz müqaviləsinə xitam verib. APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu bəyanatla Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız çıxış edib.
Nazir bildirib ki, Rusiyanın enerjidaşıyıcılarının qiymətlərini artırması sonda Türkiyə tərəfinin qaz müqaviləsinə xitam verməsi ilə nəticələnib: “Biz qiymətlərin aşağı salınmasını istədik, onlar bundan imtina etdilər. Ona görə də müqaviləni bitimək məcburiyyətində qaldıq”.
Taner Yıldız son 29 ayda təbii qazın qiymətlərinin 39% artdığını bildirib: “Bu artıma duruş gətirmək gücündə olmaq lazımdır. Ona görə də müddəti bitən müqavilələri bir-bir yenidən nəzərdən keçirəcəyik. Əhəmiyyətli endirim görməsək, müqavilələri uzatmayacağıq”.
Qeyd edək ki, Taner Yıldız bu həftə “Türkiyə hökuməti enerjidaşıyıcılarının qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınmasa, Rusiya ilə qaz müqavilələrini ləğv edə bilər” bəyanatı ilə çıxış etmişdi.
İndiyədək Türkiyə Rusiyanın “Qazprom” şirkətindən ildə 30 mlrd. kubmetr qaz alırdı ki, bu da ölkənin mavi yanacağa olan tələbatının 64%-ni təşkil edirdi. Bu ilin mart ayında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri zamanı qazın qiymətinin aşağı salınması ilə bağlı Rusiya prezidenti Dmitri Medvedevlə apardığı danışıqlar nəticə verməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: