Türkiyə prezidenti Abdulla Gül ordu generallarının istefasına münasibət bildirib
30 İyul 2011 Şənbə 18:37
Abdulla Gül: İşık Koşanerin vəzifəsinə davam etməsini istəyirdik, amma qəbul etdiyi qərarı da hörmətlə qarşılayırıq.
Türkiyə Silahlı Qüvvələrində baş verən istefalardan sonra hələlik orduya bir yeni təyinat olub. Belə ki, Silahlı Qüvvələrə jandarma baş komandanı ordu generalı Necdət Özəl təyin olunsa da, baş qərargah rəisi postu boşdur. Bu gün Ankaradan İstanbula gələn Türkiyə prezidenti Abdulla Gül də generalların istefası ilə bağlı jürnalistlərə açıqlama verib.
Türkiyə Silahlı Qüvvələrinin 27-ci baş qərargah rəisi olan ordu generalı İşık Koşaner və onun ardınca quru, hava və dəniz qüvvələrinin rəhbərlərinin istefa verməsinə Türkiyə prezidenti Abdulla Gül münasibət bildirib. O, generalların istefasına hörmətlə yanaşdığını deyib.
Abdulla Gülün bildirib ki, İşık Koşanerin vəzifəsinə davam etməsini istəyirdi, amma qəbul etdiyi qərarı da hörmətlə qarşılayır: “Dünən baş verənlər özünə görə fövqəladə bir durum idi. Amma indi proseslər öz məcrasına dönüb. Hər hansı problem, böhran yoxdur”.
Prezident onu da qeyd edib ki, Ali Hərbi Şura qanun çərçivəsində öz işinə davam edəcək.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri baş qərargah rəisi İşık Koşanerin istefaya getməsi həm ölkə daxilində, həm də ölkə sərhədlərindən xaricdə reaksiyalar doğurub. Türkiyənin müxalif partiyası olan CHP-nin sədr müavini Gürsel Tekin bildirib ki, Koşaner də daxil olmaqla, digər Silahlı Qüvvələrin rəhbərlərinin istefası iqtidarın hüquq tanımayan davranışlarına əyani sübutdur.
MHP sədri Dövlət Bahçeli isə Türkiyədə baş verən bu hadisəni “ciddi dövlət krizisinə qapı açacağını” deyib.
Türkiyədə baş qərargah rəisi və 3 generalın istefasına Amerika Birləşmiş Ştatlarından da münasibət gəlib. ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Mark Toner bildirib ki, baş verənlər Türkiyənin daxili məsələsidir: “Türk qurumları və ordusu ilə yaxından əməkdaşlığımız var və onların gücünə inamımız sonsuzdur. İstefaların təfərrüatlarını dəqiq bilmədiyimiz üçün şərh vermək istəmirik”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: