Türkiyə İsraillə münasibətlərini dondurur
04 İyun 2010 Cümə 16:25
İki ölkə birgə həyata keçirdikləri enerji layihələrini təxirə salır.
Türkiyə İsraillə birgə həyata keçirdiyi enerji layihələrini dondurur. Bu addıma səbəb İsrail xüsusi təyinatlı əsgərlərinin Qəzza bölgəsinə humanitar yardım aparan “Azadlıq donamması” gəmisinə hücum etməsi olub.
Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız jurnalistlərə açıqlamasında bildirib ki, iki ölkə arasında əvvəlki münasibətlər bərpa olunanadək Türkiyə İsraillə regionda hər hansısa enerji layihəsi həyata keçirməyəcək.
Xatırladaq ki, İsrail xüsusi təyinatlıları mayın 31-i gecə saatlarında “İstiqamətimiz Fələstin, yükümüz humanitar yardım!” devizi ilə mühasirədə olan Qəzza zolağına humanitar yardım daşıyan 6 gəmidən ibarət donanmanın ələ keçirilməsi istiqamətində əməliyyat aparıb. Guya edilən xəbərdarlıqdan sonra İsrail helikopterləri gəmilərə yaxınlaşaraq atəş açmağa başlayıblar və gəmilərə desant çıxarıblar.
Ölənlərin sayı ilə bağlı ziddiyyətli məlumatlar var. İsrail tərəfinin verdiyi rəsmi məlumatlara görə, insident nəticəsində 9 nəfər ölüb, 25 nəfər yaralanıb, qeyri-rəsmi məlumatlara görə, isə yaralıların sayı daha çoxdur. Digər məlumatlara görə, insident nəticəsində 19 nəfər ölüb, 33 nəfər isə yaralanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: