Türkiyə İsrailə üzrxahlıq üçün son şans verdi
01 Sentyabr 2011 Cümə Axşamı 17:14
“Mavi Mərmərə” gəmisinin İsrail tərəfindən hücuma məruz qalmasını araşdıran BMT komissiyasının yekun hesabat verəcəyi gözlənilir
Türkiyə ilə İsrail arasındakı buzlar ərimək bilmir. Qəzzaya humanitar yardım aparan “Mavi Mərmərə” gəmisinin İsrail tərəfindən hücuma məruz qalmasını araşdıran BMT komissiyasının yekun hesabat verəcəyi gözlənilir. Maraqlıdır ki, müvafiq sənədin hazırlanması ərəfəsində Türkiyə İsrailə xəbərdarlıq mesajı göndərib.
Ankara hesabatın açıqlanacağı günə qədər İsrailin hər hansı addım atmayacağı təqdirdə, B planına start verəcəyini bəyan edib. Türkiyə “Mavi Mərmərə” əməliyyatı ilə bağlı İsraildən üzrxahlıq gözləyir və artıq səbr kasasının daşmasına işarə edir. Türkiyə BMT-nin məsələ ilə bağlı sentyabrın ilk yarısında açıqlayacağı hesabata hazırlıq görür.
Qeyd edək ki, İsrail BMT-nin bu hesabatı üçün 6 ay vaxt istəmişdi. Məsələ ilə bağlı çıxış edən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bu vaxta qədər İsrailin vaxtı uzatma tələblərini səbrlə gözlədiklərini bildirib: “Görünür İsrail qərar verməkdə çətinlik çəkir. Türkiyə artıq bunu qəbul etmir”.
Türkiyə xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, BMT-nin hesabatı açıqlayacağı gün son tarix olacaq. İsrail öhdəliyinə düşəni yerinə yetirdikdən sonra həmin hesabatın heç bir əhəmiyyəti olmayacaq.
DOSTLARINLA PAYLAŞ: