Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin tərkibinə ediləcək dəyişiklikləri prezident Abdulla Gülə təqdim edib. Bu barədə Türkiyənin "Haberalemi.net" saytı xəbər verib. Məlumata görə, bu gün baş nazir Rəcəb Tayyib Ərdoğanın nazirlər kabinetinə edilən dəyişikliklərlə bağlı açıqlama verəcəyi gözlənilir.
Xatırladaq ki, Türkiyə Nazirlər Kabinetinin tərkibinə dəyişiklik ediləcək, bəzi nazirlər başqaları ilə əvəzlənəcək, bəzilərinin isə vəzifələri dəyişdiriləcək.Məlumata görə, Türkiyənin xarici işlər naziri Əli Babacan xarici işlər naziri vəzifəsindən gedə bilər. Onun yerinə iki əsas namizədin adı çəkilir. Bunlardan biri Əhmət Davudoğlu, digəri isə Murad Mərcandır. Ə. Davudoğlu millət vəkili olmadığı üçün, M. Mərcanın daha şanslı olduğu bildirilir. Ə.Babacanın isə xəzinəyə (büdcə) məsul olan dövlət naziri vəzifəsinə təyin ediləcəyi gözlənilir. Dəyişiləcək nazirlər arasında maliyyə, energetika və digərləri də var. /ANSPRESS/