Türkiyə: ''Hər kəs həddini biləcək"
12 Yanvar 2010 Çərşənbə Axşamı 14:40
İsrail səfiri Türkiyə XİN-ə çağırılıb
İsraillə Türkiyə arasında yaranan gərginlik artmaqda davam edir. Bu gün İsrailin Ankaradakı səfiri Qabi Levi Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Türkiyə XİN-dən bildirilib ki, səfirə 'Hər kəs həddini biləcək" mesajı veriləcək. Hələ də Nazirlikdə olan səfir Xarici İşlər Nazirliyinin müşaviri səfir Firudin Sinirlioğlu ilə görüşəcək.
Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın dünən Livan Baş naziri Saad Hariri ilə birgə mətbuat konfransında İsraillə bağlı dediyi sözlərə cavab olaraq "Türklərin İsrail dövlətinə məsləhət verəcək ən son adamlar olduğu"nu bildirib.
İsrail XİN sözçüsü Yossi Levi bildirib ki, İsrail Türkiyə baş nazirinin sözlərini qınayır. "İsrail Türkiyəyə qarşı nəzakətli olmağa çalışır, iki ölkə arasında əlaqələrin davam etməsini istəyir, amma eyni qarşılığı da görməyi gözləyir",-deyə XİN-in bəyanatında qeyd olunub.
Bəyanatda bildirilir ki, İsrail dövləti, "Hizbullah" və "Həmas" terroruna və mərmilərinə qarşı vətəndaşlarını qorumaq hüququna malikdir. "Türklərə gəlincə, onlar, İsrail dövlətinə və dünyanın ən əxlaqlı ordusu olan İsrail Müdafiə Qüvvələrinə məsləhət verəcək ən son kəslərdir", - deyə bəyanatda vurğulanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: