Türkiyə futbolunda danışılmış oyunlarla bağlı aparılan istintaq yekunlaşıb
03 Dekabr 2011 Şənbə 16:28
401 səhifədən ibarət olan ittiham aktı İstanbuldakı 16 saylı Ağır Cəza Məhkəməsinə göndərilib.
Türkiyə futbolunda danışılmış oyunlarla bağlı aparılan istintaq yekunlaşıb. APA-nın xəbərinə görə, İstanbul baş prokurorunun 1-ci müavini Fikrət Seçən iş üzrə ittiham aktının hazırlanmasının başa çatdığını açıqlayıb. 401 səhifədən ibarət ittihamnamə İstanbuldakı 16 saylı Ağır Cəza Məhkəməsinə göndərilib. Məhkəmə ittihamnaməni 15 gün ərzində qəbul etmək və ya prokurora geri qaytarmaq hüququna malikdir.

İş üzrə şübhəli şəxs qismində 93 nəfərin adı keçir. Bu şəxslərdən 31 nəfəri hazırda həbsdədir. Onların arasında “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım, “Sivasspor” klubunun prezidenti Məcnun Odyakmaz, “Giresunspor” klubunun prezidenti Olqun Peker, “Beşiktaş” klubunun vitse-prezidenti Sərdal Adalı, “Beşiktaş” futbol komandasının baş məşqçisi Tayfur Havutçu, “Əskişəhər” klubunun idman direktoru, keçmiş futbol ulduzu Ümit Karan, “İstanbul Böyük Şəhər Bələdiyyəsi” futbol komandasının oyunçuları İbrahim Akın və İsgəndər Alın, “Sivasspor”un qapıçısı Korcan Çelikay, “Fənərbağça” rəhbərliyində təmsil olunan bir sıra şəxslər, həmçinin menecerlər də var.

Ə. Yıldırım və O. Peker mütəşəkkil cinayətkar dəstə yaradaraq matçların nəticəsinin öncədən müəyyənləşdirilməsində, haqsız iqtisadi qazanc əldə etməkdə ittiham olunur. Ə. Yıldırımın “Fənərbağça”nın çempionluğu ilə yekunlaşmış 2010-2011 futbol mövsümündə 13 matçın nəticəsinə öncədən təsir etdiyi bildirilir.

Hazırda azadlıqda olan şübhəli şəxslər arasında Türkiyə Futbol Federasiyasının 1-ci vitse-prezidenti Göksəl Gümüşdağ, “Trabzonspor” klubunun prezidenti Sədri Şənər, “Manisaspor”un keçmiş baş məşqçisi Hikmət Karaman, “Fənərbağça”nın oyunçuları Semih Şəntürk və Sezər Öztürk, bu sezon “Fənərbağça”dan Rusiyanın “Spartak” klubuna transfer olan nigeriyalı Emmanuel Emenike, “Fənərbağça”nın keçmiş oyunçucu, hazırda “Bursaspor”da oynayan braziliyalı Vederson, “Gənclərbirliyi”nin keçmiş qapıçısı Sərdar Kulbilgə, “Əskişəhərspor”un oyunçusu Mehmet Yıldız, “İstanbul Böyük Şəhər Bələdiyyəsi” komandasının oyunçusu Can Arat kimi tanınmış simalar var. Məhkəmə prosesi başlayanda bu şəxslər də hakim qarşısına çıxmalıdır.

Xatırladaq ki, Türkiyə futbolunda danışılmış oyunlarla bağlı polis əməliyyatı bu il iyulun 3-də başlayıb. Türkiyə Futbol Federasiyası qalmaqala adı qarışan klublar və şəxslərlə bağlı qərarını bu mövsümün sonunda (2012-ci ilin may-iyun ayları) verəcəyini açıqlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar